Azərbaycan Respublikasının Dövlət bayrağı xalqımızın müstəqillik və azadlıq ruhunun rəmzi olaraq hər bir vətəndaşın qəlbində xüsusi yer tutur. 9 Noyabr Bayraq Günü, Azərbaycanın dövlətçiliyini, milli birliyini və azadlıq uğrunda apardığı mübarizəni xatırladığımız xüsusi bir gündür.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyəti quruldu. Onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi:“Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin”. Bu bayraq Osmanlı İmperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək mövcud olmuş dövlət bayrağı idi. Sonradan xalqımızın ideallarını daha dərindən əks etdirən bayraq zərurəti yarandı. Noyabrın 9-da üçrəngli bayraq – yaşıl, qırmızı və mavi rənglərdən ibarət yeni bayraq qəbul edildi. AXC-nin ilk Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ulduzun səkkiz guşəsinin 1918-ci ildə əski əlifba ilə yazılan "Azərbaycan" sözünün hərf sayı ilə əlaqəli olduğunu bildirmişdi. Digər tədqiqatçılara görə isə ulduz səkkiz Oğuz tayfasını – azərbaycanlılar, osmanlılar, çağataylar, tatarlar, qazaxlar, qıpçaqlar, səlcuqilər və türkmənləri təmsil edir. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamentini açan Məhəmməd Əmin Rəsulzadə müstəqil Azərbaycanı təmsil edən milli bayrağımızdakı üç rəngi "türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini" (demokratiyasını) ifadə etdiyini xüsusi olaraq qeyd edirdi. Başqa bir çıxışında isə deyirdi ki, Azərbaycanın Dövlət bayrağındakı bu üç rəng "Türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvoludur." Milli mübarizənin lideri olaraq “Bir kərə yüksələn bayraq bir daha enməz!” ifadəsini xalqımızın azadlıq mübarizəsində bayrağa və milli iradəyə olan sarsılmaz bağlılığını simvolizə edərək XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.
ABŞ veksilloloqu (bayraqşünas) Vitni Smitə görə bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. 1907-ci ildə iyul ayının 10-da Bakıda Əli bəy Hüseynzadənin nəşr etdiyi "Füyuzat" (bolluq, bərəkət) jurnalındakı bir məqaləsində "Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı" Azərbaycanın milli kimlik və müasirlik ideyalarını formalaşdırdı. Bu fikri sonradan mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: "Türk qanlı, islam imanlı, avropa mədəniyyətli".
Azərbaycan Dövlət Himinin bəstəkarı Üzeyir Hacıbəyov Xalq Cümhuriyyətinin ilk ildönümündə "Bir yaş" adlı məqaləsində milli bayrağın rənglərin ifadə etdiyi məna və funksiyadan danışaraq yazırdı ki, “Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu...Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır.” Azərbaycan Xalq Cumhuriyyətinin bir illiyinə həsr olunmuş "Bir yaş" adlı məqaləsində isə milli bayraqdakı rənglərin mənasına toxunaraq deyirdi ki, “Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur.
Azərbaycan ədəbiyyatının iki böyük nümayəndəsi – Cəfər Cabbarlı və Azərbaycan Dövlət Himninin sözlərinin yazan Əhməd Cavad bayrağımıza həsr etdikləri şeirlərində ona olan dərin sevgi və qürurlarını ifadə ediblər. Cabbarlı, "Azərbaycan bayrağına" adlı şeirində onu "Od yurdunun yarpağı" adlandıraraq, milli kimliyimizin rəmzi kimi təsvir edir. Əhməd Cavad isə "Azərbaycan bayrağına" şeirində bayrağı “Türküstan yelləri öpüb alnını” deyərək onu müqəddəs rəmz kimi qiymətləndirir.
Azərbaycan Sovet Sosialist Respublikası bayrağı — 1920-ci ildə qəbul edilmişdir. Sol yuxarı küncündə sarı aypara və ulduz olan qırmızı bayraqdır. 1921-ci ilin ikinci yarısından 1922-ci ilə qədər Azərbaycan SSR sarı kiril hərflərindən АССР (ASSR) yazılan qırmızı bayrağı istifadə etdi. 12 mart 1920-ci ildə Azərbaycan SSR Gürcüstan SSR və Ermənistan SSR -lə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası adı altında birləşdi və bu 1936-cı ilə qədər davam etdi.
1937-ci ildə latın hərfləri ilə AzSSR qızıl oraq və çəkicin alt hissəsinə əlavə edildi. 1940-cı ildə latın AzSSR kiril АзССР ilə əvəz edildi. Azərbaycan SSR-in bayrağının axırıncı versiyası 7 oktyabr 1952-ci ildə qəbul edildi. Bu aşağı hissəsində horizontal göy zolaq olan SSRİ bayrağı idi.
1988-ci ildə Qarabağ münaqişəsi zamanı üçrəngli bayraq Bakıda Azadlıq meydanında yenidən ucaldıldı. Sovet dövründə qadağan olunsa da, xalqımızın mübarizə ruhunu simvollaşdıran bu bayraq Azərbaycan xalqının milli iradəsinin təzahürü idi.
1990-cı ildə ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Ali Məclisində üçrəngli bayraq dövlət bayrağı olaraq təsdiqləndi və 1991-ci ildə Azərbaycan Respublikası öz rəsmi dövlət rəmzi kimi onu qəbul etdi. Azərbaycan xalqının milli həmrəyliyini və dövlət rəmzlərinə hörmətini əks etdirmək üçün Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradıldı. 2010-cu il sentyabr ayının 1-də istifadəyə verilən bu meydanda dalğalanan üçrəngli bayraq xalqımızın azadlıq rəmzi kimi əzəmətini nümayiş etdirir. 20000 m² ərazisi olan meydanda 2010-cu ildən 2017-ci ilədək ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metr olmuşdur. Qurğunun ümumi kütləsi 220 ton idi. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqram idi. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.
Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alaraq, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Sərəncam verilmişdir. Bayraq Günü, Azərbaycanın azadlıq mübarizəsinin təntənəsidir və milli birlik günüdür